VAQİF OSMANLI
“GÜNƏŞİ İÇƏNLƏRİN” VƏTƏN VƏ XALQ SEVDASI"
(Prof. Dr. Ali Kafkasyalının “Böyük Türk şairi Nazim Hikmət və Türk
Dünyası” monoqrafiyası üzərinə fikir gəzintiləri)
Zamanın sərt sınaqlarından el, Vətən, torpaq, insan sevgisi sayəsində üzüağ çıxan, bu gün
də ehtiramla, sevgiylə anılan böyük Türk oğlu, böyük Türk şairi, istiqlal və barış savaşçısı
Nazim Hikmətdən bəhs edən Vətən yanğısı, bilgiləri, mətləbləri ilə yanaşı, özü də nəhəng bir
kitabla üz-üzəyəm. Türkçülüyün, Turançılığın yorulmaz yolçusu, ulu Türkün Vətən, millət
sevdalı oğlu Türkiyədəki Erzincan Binali Yıldırım Universitetinin Prof. Dr-u,10-larla cild Türk
dünyasını tədqiqinə yönəlik kitab və monoqrafiyaların müəllifi, Oğuz-Türk kökənli, bolşevik
işğalına qarşı Azərbaycanda on ildən çox ölüm-dirim mücadiləsi aparmış məşhur qəhrəman
qaçaq Aloy Hacının Karsda doğulan oğlu Ali Kafkasyalının “Böyük Türk Şairi Nazim Hikmət və
Türk Dünyası” monoqrafiyası qarşımdadır.
Sayın Prof. Dr-un 6000 səhifədən çox böyük Türk Dünyası araşdırmalarına 600 səhifə
həcmində “Böyük Türk Şairi Nazim Hikmət və Türk Dünyası” fundamental monoqrafiyası
əlavə olundu.
Ali Kafkasyalının bu monoqrafiyanı yazmaqda məqsədi, arzusu nədir?
“İllərlə laqeydliklə üzləşən, şübhə altında baxılan, haqsız yerə yurdundan-yuvasından
didərgin salınmış, əsərləri və sair işləriylə Türk dilinə, ədəbiyyatına, sənətinə böyük xidmətlər
göstərmiş, təəssüf ki, haqqı yetərincə dəyərləndirilməmiş böyük Türk şairi Nazim Hikməti
dünya gəncliyinə, xüsusilə Türk Dünyası gəncliyinə şəxsiyyəti, əsərləri, fəaliyyəti ilə təqdim
edən, tanıdan bu kitabın, eyni zamanda Çağdaş Türk Dünyası Ortaq Ədəbiyyatı üçün şövq və
hərəkətverici güc verməsini arzu edirik” (Ön sözdən).
Böyük məsuliyyət və inamla bildirirəm ki, Ali bəy Hocamız Türk-Turan Dünyasının
ləyaqətli, vicdanlı, obyektiv söz, elm, bilim adamıdır. Bunu sözgəlişi, kiminsə xoşuna gəlməsi
üçün yazmıram. Ali bəyin çalışmaları, zəkasının, ürəyinin, qələminin ulu Türk Dünyasına
verdiyi töhfələr buna sübutdur. Xalqın qədim və müqəddəs dəyərləri – mənəvi aləmi, adət-
ənənələri, milli kimliyi, zəngin folkloru, şifahi, yazılı ədəbiyyatı Ali bəy üçün ülvi və ən önəmli
meyarlardır. Bunu professorun elmi fəaliyyəti, yaradıcılığı ilə yaxından tanış olanlar yaxşı bilir.
Bunları yazmaqda məqsədim nədir? Böyük Türk şairi Nazim Hikmətin şəxsiyyətindən, Türk
sevdasından, mücadiləsindən, yaradıcılığından bəhs edən monoqrafiyanın bölümlərindən biri
belə adlanır: “Nazim Hikmətin kişiliyi (şəxsiyyəti) və şairliyi”. Kişilik (şəxsiyyət), söz və bilim
adamı, vətən oğlu. Bu üç mənəvi kriteriya bir-birini tamamlamasa, kişilik (şəxsiyyət) də
nüfuzdan düşər, söz, elm də. Belələri Vətənin oğlu da ola bilməz. Ali Kafkasyalı üçün ən ümdə
əxlaq ölçüsü kişilikdir (şəxsiyyət). Bu mənəvi sərvət elə bir meyardır ki, Ulu Türkün
yaradılışından bəri heç vaxt köhnəlmir, onunla yanaşı yaşayır, həqiqət uğrunda savaşır,
sahibinin başını uca edir. Bu insanlıq örnəyidir. Təsadüfi deyil ki, qardaş Türkiyədə insana
“kişi” deyirlər. Yəni, insanın erkəyi də, dişisi də böyük mənada İNSAN, KİŞİ olmalıdır.
Ömrünün bir qismini təcridxanalarda, həbsxanalarda keçirməyə, Avropanı qarış-qarış
gəzməyə məhkum edilən, məmləkətdən məmləkətə keçərək yaşayan Nazim Hikmət hər
yerdə böyük Türk Kişisiydi, qüruru, savaşı, mücadiləsi, şeiri, şairliyi ilə Türkü, Türkçülüyü
tanıdırdı.
Ali bəy Nazim Hikməti “anlamayanlara, həm də anlamaq və tanıtmaq istəməyənərə” belə
təqdim edir:
- Kiminə görə o, ölkəsindən qaçıb başqa bir ölkədə Vətəni əleyhinə fəaliyyət göstərən bir
Vətən xainiydi.
- Kiminə görə o, kommunist olaraq ölkə xaricində ölkəsindəki kommunistlərin
problemlərini danışır və dünyaya elan edirdi.
- Kiminə görə o, Türk deyildi, Türk millətinin düşməniydi.
- Kiminə görə o, Türkiyə Kommunist Partiyasından qovulmuş bir xaindi.
- Kiminə görə o, haqsız yerə ölkəsindən didərgin düşmüş və xain elan edilmiş yaxşı bir
şairdi. Kiminə görə o, dünya miqyasında məşhur kommunist şairdi.
- Kiminə görə o, siyasi müzakirələrin ortasında qalmış, bu üzdən uzun illər həbsdə yatmış,
həyatının qalanını ölkəsinə həsrət bir vəziyyətdə yaşamış siyasi bir kişiydi.
Nə olsun ki, Nazim Hikmətin yaşadığı yerlərdəkilərin və dünyadakıların baxışı çox fərqliydi.
Nazim Hikmət bir Türk şairiydi və çox yaxşı bir şair idi. Eynən özünün bir şeirində ifadə etdiyi
kimi: “Mən bir Türk şairi Nazim Hikmət” (s. 1-2).
Zamanın amansız burulğanlarında, rüzgarlarında cəsarətlə, dözümlə çabalar göstərən
Nazim Hikmət Türk bölgələrində, xüsusilə Azərbaycanda ən yüksək kürsülərdən fəxrlə “Mən
Türkəm, siz də Türksünüz, ruhumuz, adət-ənənələrimiz, xalqlarımız, dillərimiz qardaşdır” -
deyə başladığı söhbətini “məni Türklükdən, xalqımın övladı olmaqdan, millətimə əbədi
bağlılığımdan kimsə, heç bir qüvvə ayıra bilməz” sözləriylə bitirirdi (s.140-141).
Əvvəla, bu kitabı böyük ehtiram və sayğı ilə mənə göndərən müəllifə təşəkkür edirəm.
Nədən bəhs edir bu kitab? Bu kitab “illərlə dar çevrələr və çərçivələr içərisinə həbs edilməyə
çalışılan bir böyük Türk şairinin haqqını təslim edilməsinə qarşı böyük çabasının məhsuludur”
(“Təqdimat”dan, Binali Yıldırım, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Konseyi (Şurası) Başkanı,
Türkiyə Cümhuriyyətinin son Baş Naziri).
Türkiyə Cümhuriyyətinin 100 illiyi və Nazim Hikmətin ölümünün (anımının) 60-cı ilində
nəşr olunan bu böyük elmi tədqiqat əsərinin amalı, məqsədi, məramı Türk tarixini,
ədəbiyyatını, gənc nəsillərə doğru-dürüst çatdırmaqdır. Bunun üçün də kitabın ilk səhifəsi
“Bunları başa düşmək məsuliyyətini öz üzərinə götürərək oxuyan gənclərə!” müraciətlə açılır.
“Bu əsər sinəsindən çıxdığı millətin bəzi nümayəndələrinin məhəbbətindən məhrum olsa
da, aliliyindən əmin olduğu millətinin sevgisi və himayəsi ilə hikmətini göstərib yetişdirdiyi,
fikirləriylə, araşdırmalarıyla, xidmətləriylə və digər işləri ilə özünü həsr etdiyi uca millətinin
bir şah əsəri olmuş Nazim Hikmət haqqındadır” ( Prof. Dr Muhammet Savaş Kafkasyalı).
Bəs Ali bəyə görə Nazim Hikmət kimdir? “Bütün məzlum xalqların sevgisini qazanmış
“barış savaşçısı”. Dünyanın böyük dillərindən ispancanın şairi Pablo Neruda Nazim Hikmətin
şəxsiyyətini, poeziyasının möhtəşəmliyini vurğulayaraq, “mən onun yanında şair sayılmam”
deyirdi. Ali bəy böyük təəssüf hissi ilə qeyd edir: “Nerudanın sayəsində İspaniya ədəbiyyatı dünyanın əksər universitetlərində öyrənilir və tanınır. Təəssüf ki, Nazim Hikmət öz ölkəsində
öyrənilməmişdir”(s. 5)
Kitabın ilk səhifəsində - “Təqdimat”da Binali Yıldırım yazır: “Hər bir insan kimi Nazim də
inanmış, güvənmiş, yanılmış, aldadılmış, amma ömrünün heç bir çağında məmləkətinə və
insanına duyduğu sevgidən əl çəkməmişdir. Bu səmimi sevgi qarşılığını tapmış, zamanın
bütün inkarlarına rəğmən şair bütün əzəmətiylə varlığını davam etdirmişdir”.
Əbədiyaşar, hikmətli söz, düşüncə, dünyabaxış bir-birinə doğma, hətta yad xalqlar
arasında maddi körpülərdən daha möhkəm, sarsılmaz və etibarlı mənəvi körpülərdir. Söz,
bilim, müdrik fikir adamları isə bu mənəvi körpülərin körpüsalanlarıdır. Nazim Hikmətlərin və
digər Vətən, xalq fədailərinin yolunu uğurla davam etdirən Ali bəy də neçə-neçə illərdir ki, iki
qardaş - “bir millət, iki dövlət”in milli ruhu, ədəbiyyatı, tarixi, mədəniyyəti, adət-ənənələri
arasında körpüsalanlardandır. Türk Dünyasını mənəvi körpülərlə birləşdirmək ilahi bir
missiyadır ki, bunu Ali bəy elmi-ədəbi fəaliyyəti, milli düşüncəsi və ruhuyla sübut etməkdədir.
“Səməd Vurğun - Milli Şairə Dair” monoqrafiyasından sonra “Böyük Türk Şairi Nazim Hikmət
və Türk Dünyası” kimi böyük tədqiqat işi iki qardaş xalqla bərabər, həm də iki nəhəng poeziya
adamının - Səməd Vurğunla Nazim Hikmətin dostluğunun, qardaşlığının elmi fakt və
nəticələrlə təcəssümüdür.
Ali bəy “Səməd Vurğun - Milli Şairə Dair” əsərində yazır ki, sağlığında olduğu kimi,
vəfatından sonra da Səməd Vurğuna sataşmalar davam etmişdir. Çox təəssüfedicidir ki,
Nazim Hikmət də Səməd Vurğunla eyni taleyi yaşamışdır.
“Deyilən söz yadigardır” deyən Səməd Vurğun ilə “Günəşi içənlərdən” biri Nazim Hikmətin
əbədi və ədəbi dostluğu qoca tarixin yaddaşında ən azı söz ömrü qədər yaşayacaq.
Azərbaycan Nazim Hikmətin ikinci Vətəni, bütün Avropanı gəzib dolaşsa da, Bakı ən munis,
doğma şəhəri olmuşdur. Şair dəfələrlə Bakıda olub, XX yüzil Azərbaycan ədəbiyyatının
nəhəngləri ilə görüşüb, qardaşlaşıb, müxtəlif poeziya məclislərində çiyin-çiyinə dayanıb,
şeirləri ilə oxucularının ürəyini fəth edib. Təsadüfi deyil ki, çoxları onu həm də Azərbaycan
şairi hesab edir. “Kərəm kimi yananların” təşnəliyindən (mənəvi susuzluq), işıq axtarışından
söhbət düşəndə birinci növbədə Nazim Hikmət xatırlanır:
Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
necə
çıxar
qaran-
lıqlar
aydın-
lığa...
“Günəşi içənlərin türküləri” məhz belə olur - onların yanar qəlbi kimi alovlu və səmimi...
Kitabda Ali bəy bir tarixi faktı işıqlandırıb - Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) tələbəsi Teyub Qurbanovun 1957-ci ildə “Ədəbiyyat və incəsənət”
qəzetinin 19 oktyabr sayındakı şeirinin foto-şəklini monoqrafiyaya əlavə edib. Şeirində gənc
tələbə əmindir ki, Nazim Hikmətin ağ saçları Türkiyənin sabahından, ağ günündən müjdədir.
Xalqımızın gənci də, ağsaqqalı da, ağbirçəyi də belə inanırdı Nazim Hikmətə. Savaş, barış,
özgürlük şairinin şəxsiyyəti, keşməkeşli həyat yolu Türk xalqlarının gənclərinə örnək idi və
həmişə olacaq.
Ali bəy BDU-nun müəllimi, ədəbiyyatşünas alim Məti Osmanoğlunun Nazim Hikməti
dəyərləndirməsinə diqqət yetirir:
“Nazim Hikmətin o illərdə (1950-ci illər) Sovet idarəçiliyi altındakı Türk xalqlarının mənəvi
birliyi və köklərinə qayıdışı yolunda böyük işlər gördüyü tarixin bir gerçəkliyidir... 1930-cu
illərdə sarsılan və parçalanan Türk birliyi, 1950-ci illərin sonlarında Nazimlə yenidən
canlanmış, Sovetlər Birliyi nəzarətindəki Türk xalqlarının ədəbiyyatında yeni bir şeir axını
ortaya çıxıb bir araya gəlməyə, Türk dilinin havası əsməyə başlamışdı.
1960-cı illərdə Azərbaycanda yeni şeir axınının öncüsü (qabaqcıl, pioner) Nazim Hikmətdi.
Nazim Hikmətin yaradıcı təcrübəsi o dövrdə ədəbiyyata gələn yenilikçi şairlərin, xüsusilə də
sərbəst şeir yazan gənclərin yaradıcılığının əsas enerji mənbəyi oldu” (s. 241-242).
“Prof. Dr Ali Kafkasyalı Hocamızın fərqli bir baxış bucağı” (Binali Yıldırım) Nazim Hikməti
“solçu” kimi qınayanlara tutarlı sübut və dəlillərlə cavab verməsidir.
Bəs söz və düşüncə adamları Nazim Hikməti necə duyur və görürdülər?
Türk yazar və düşüncə adamı Cemil Meriçə görə, Nazim Hikmət Türk şeirini saray
bataqlığından və Avropa müstəmləkəçiliyindən qurtaran poeziya nəhənglərindən biridir.
“Min illik Türk şeirinin sənətkarlarından birinə, Türk dilinin möcüzələr yaradan
ustadlarından birinə biganə qalıb bu ədəbiyyatı, bu dili necə sevmək olar, bilmirəm. Bəzi
solçular ifrata varıb Nazimi yalnız və yalnız bir “kommunist” olaraq dəyərləndirir, bənzər
şəkildə bəzi sağçılar da ümümilikdə onun əsərlərinin estetik dəyərini azaltmaq, hətta yox
saymaq üçün səy sərf edirlər və onun yazdıqlarından çox zəif şeirləri, sırf ideoloji yaxınlığına
görə Nazimdən üstün tuturlar” (Anar, Azərbaycanın Xalq yazıçısı, s. 266).
Nazim Hikmət Türkiyədəki solçular üçün “kommunizm” rəmziydi, bizim üçün -
Azərbaycanlılar və bütöv Türk dünyası üçün isə “Türkcə və Türklük” rəmziydi” (Fikrət Qoca,
Azərbaycanın Xalq şairi, s. 269).
“Türkdü və millətinə sonsuz sevgisi vardı, amma heç bir milləti də aşağılamazdı. Qırx il
boyunca bir qasırğa halında iyirminci yüzil şeirinə daxil olmuşdur (Aleksandr Simonov, s. 269).
“Nazim tarixin ona verdiyi rolu oynadı. Və bu rolu dahiyanə oynadı” (Yevgeni Yevtuşenko,
s. 121).
Ali Hoca şairin Böyük Türkçülüyünün dürlü-dürlü anlarını önə çəkərək bildirir ki, 1957-ci
ildə Nazim Hikmət Moskvadan Bakiya şair Məmməd Rahimin 50 illik yubileyini qutlamaq
üçün göndərdiyi teleqramda özlərinin, xalqlarının, dillərinin qardaşlığını vurğulayır.
Sovet dönəmində - kommunist rejiminin qılıncının hər iki tərəfinin kəsən vaxtlarında belə
teleqram və ismarışların göndərilməsi, belə fikirlərin söylənilməsi üçün mütləq cəsarətli,
qorxmaz, əqidəli, mübariz insan olmaq gərək idi. Həmin teleqramda Nazim Hikmət Məmməd
Rahimə arzulayırdı: “Qardaş dildə, Füzulinin, Sabirin, Səməd Vurğunun dilində xalqımıza layiq
şeirlər yazmanızı, uzun illər yaşamanızı diləyirəm”.
Bursada üç il yarım şairlə birlikdə həbsxanada yatan Orxan Kamal Nazim Hikmətin Türk
dili haqqında söhbətini belə xatırlayırdı: “Dildə ölçü xalq olmalıdır. Xalqın yadırğadığı, hər
günkü danışıq dilində istifadə etmədiyi sözləri qəbul etməməyə xüsusi diqqət edilməlidir”.
Ali bəy anladır ki, Nazim Hikmət Türk dilinin keşiyində sayıq dayanan əsgəriydi.
Unutmayaq ki, ana dili ana laylasıdır, ata öyüdüdür, ana nəvazişidir, ata qürurudur.
Namusdur, qeyrətdir. “Namusu ilə alver edən heç vaxt varlanmaz” (Luk Vovenarq).
Azərbaycanın ünlü filosofu, Asif Atanın Mütləqə İnam öyrətisinin davamçısı Safruha görə,
“heç kəsin ikinci anası olmadığı kimi, heç kəsin ikinci ana dili də olmur. Başqa sözlə, nə ana
nömrə (sıra) götürür, nə də ana dili”.
Bu Ali Hocanın dəyərli elmi araşdırma və çalışmalarından çıxardığım nəticədir. Bir də, axı
yaxşıların qədrini bilməsək, ona sahib çıxmaq istəyənlər, onu özününkü etmək iştahına,
tamahına düşənlər çox olar. Bunu son 30-35 ildə ermənilərin Oğuz Türklərinə xain
münasibətləri aydın göstərdi. Ona görə də Ali bəy Çilinin böyük şairi Nerudanın ünlü qəzetçi
yazar Zekeriya Sertelə Nazim Hikmət haqqında dediklərini xüsusi vurğulayır: “Bu adamın
qədrini bilin”...
Nazim Hikmət öz avtoportretini sözlə belə çəkib:
Mən bir insan,
Türk şairi Nazim Hikmət mən.
Mən təpədən dırnağa insan,
Təpədən dırnağa böyük həsrət və ümiddən ibarət mən.
Nazim Hikmət üsyankar idi, qanlı kəfəni hər an bədənində hiss edirdi, ancaq əqidəsini heç
bir qorxuya təslim edə bilməzdi. Ali Kafkasyalı yazır:
“Türkiyə Cümhuriyyəti Nazirlər Şurasının 25 iyul 1951-ci il tarixli qərarıyla Nazim Hikmət
yurddaşlıqdan (vətəndaşlıqdan) çıxarılır. Bu xəbər Sovet mətbuatında yer alır. Nazim Hikmət
“Literaturnaya qazeta” müxbirinə verdiyi bəyanatda bu qərarı belə dəyərləndirir:
“Xalqımı təmsil etməyən, xalqımı Amerikalı imperialistlərə satan hökumət məni Türk
vətəndaşlığından çıxarma haqqına sahib deyildir: qərarı qeyri-qanunidir.
Mən Türk xalqının övladıyam və dünyada heç bir güc məni xalqımdan ayıra bilməz.
Mən həyatım boyunca Vətənimin müstəqilliyi üçün, xalqımın xoşbəxtliyi üçün savaşdım və
sülh üçün, ölkəmi Amerika imperializminin xidmətçilərinin əlindən almaq üçün savaşmağa
davam edəcəyəm” (s. 92).
Budur, el, millət, Vətən naminə “Kərəm kimi yana-yana” bir ömür həsr edənlərin iradəsi,
əzmi, dəyanəti!
Ali bəy üçün insanlıq, mərhəmət, humanizm, qaygı və diqqət nə olduğunu görən, bilən
biri kimi deyirəm ki, bu fikirlər onun zəngin mənəvi dünyasından, şəxsiyyətinin
bütövlüyündən irəli gəlir, onun insanlıq, bəşərilik, yaşam və fəaliyyət leytmotividir:
“Barışın savaşçısı Nazim insana olan sevgisini və inamını oğluna yazdığı bir məktubda belə
şərh edir:
“Toxuma, torpağa, dənizə inan; insana inan hamısından öncə. Quruyan budağın, sönən
ulduzun, şikəst heyvanın kədərini duy, hamısından öncə də insanın. Sevindirsin səni nemətlərin bərəkəti, sevindirsin səni qaranlıq və aydınlıq, sevindirsin səni dörd fəsil, amma
hamısından öncə sevindirsin səni insan”.
Nazim Hikmət gerçək anlamda insanlıq üçün çalışan, kimsəyə laqeyd olmayan və kimsəni
istismar etməyən, özünü insanlığa xidmətə həsr etmiş bir şəxsiyyətdir.
Bütün bunlara əsaslanaraq, Nazim Hikmətin ürəyi elində, sözü dilində bir şəxsiyyət
olduğunu söyləyə bilərik” (s. 132).
Ali Kafkasyalı düşünür ki:
“O, Türk olmasaydı, xüsusilə Türkcəni Türkə görə və Türkcə yazmasaydı, şərəfləndirilərdi.
O, insanları qul olmağa, köləliyə çağırsaydı, saray şairi edilərdi, əsərləri qızıl su ilə yazılardı.
O, xalqın yanında, haqqın, ədalətin, özgürlüyün tərəfində olmasaydı, saxta vətənsevərlərin,
yalançı millətsevərlərin hədəfinə tuş gəlməzdi” (s. 133).
Ancaq Nazim Hikmət bu şərəfsiz yolu seçə bilməzdi və seçmədi də. Şərəfli insanların yolu
Vətən və xalq sevgisindən keçir. Belə ali dəyərləri qəlbində yaşadanların nəinki ürəyi, heç
qələmi də sahibinin gördüyunu, duyduğunu səhv yazıb yolunu aza bilməzdi. Nazim Hikmət
bir missiya, amal, üçün - qaranlıqları aydınlatmaq üçün doğulmuşdu. Bu yoldan onu heç bir
qara qüvvə - zindan, kosmopolit düşüncəli Vətən “aşiq”lərinin gözügötürməzliyi döndərə
bilməzdi. Ali Hocanın yazdığı kimi, “Nazim Hikmət; “Türk kəndlisi, Türk xalqı, Böyük Türk
milləti, Türkiyəm, Türkcəm..” deyərək ilk gənclik illərindən dünyasını dəyişənə qədər bu
məqsədlə mücadiləsini davam etdirmişdir” (s. 133).
Hər bir fikir, söz və qələm adamının şəxsiyyətini, həyat və ictimai mövqeyini qəlbinin
diktəsi ilə yazdıqları aydınlaşdırır. Nazim Hikmətin poetik dünyası da milli kimliyin, milli
ruhun, milli mücadilənin yoludur. Onun şeirlərindən seçmələrlə fikrimizi dəqiqləşdirək:
Qoca tarix verdi yay, verdi kaman,
Çəkirik yayı zaman-zaman.
Uçan ox vuruşumuzdur, quş misalı,
Hədəf - qurtuluş misalı!..
Tutaq ki, həbsxanadayıq,
yaşımız əlliyə yaxın.
Dəmir qapının açılmasına
hələ on səkkiz il var.
Yenə də bayırla bir yaşayacağıq.
Oranın insanı, heyvanı, savaşı ilə,
ordakı həyatın səsi ilə
bərabər yaşayacağıq.
Yəni, necə, harda olursaq olaq,
insan ölməyəcək kimi yaşayacaq.
Dünyanı verək uşaqlara heç olmasa bir günlüyə
allı-güllü bir şar kimi oynasınlar
oynasınlar nəğmələr söyləyərək ulduzlar arasında dünyanı uşaqlara verək
böyük bir alma kimi verək, isti bir çörək kimi
heç olmasa bir günlüyə doysunlar
dünyanı uşaqlara verək
bir günlük də olsa öyrənsin dünya dostluğı
uşaqlar dünyanı alacaq əlimizdən
onlar ölməz ağaclar əkəcəklər
Həbsxanalarda azadlıqdan məhrum neçə-neçə illər keçirməyə məhkum olanların azadlıq,
mübarizə, yaşam eşqinə, enerjisinə, gələcəyə inamına, bəşəri düşüncələrinə heyran
qalmamaq mümkün deyil. Budur, “Günəşi içənlərin türküləri”, “toxumdan, torpaqdan,
ümidddən, sevməkdən qorxanlara qartal qanadlı bülbüllərin oxuduğu mahnılar”...
Məhz buna görə Nazim Hikmət əmin idi ki, “torpaqdan, oddan, dəmirdən doğulanların ən
mükəmməli doğulacaq” belə özgürlük savaşçılarından. “Hürriyyət kavğası” aparanlar həmişə
mücadilə meydanlarındadır.
3 iyun 1963-cü ildə Nazim Hikmətin xalq, Vətən, özgürlük uğrunda döyünən ürəyi əbədi
dayandı...
“Azərbaycanın ana şairi Mirvarid Dilbazi Nazimin ölümünü belə şərh edirdi:
Ölüm hökmü, dar ağacı
Baş əydirmədi bu mərdi.
Lakin bir məmləkət dərdi
Bu tunc ürəkli şairi
Nəhayət, yerlərə sərdi.
27 aprel 1953-cü il tarixində Barviha sanatoriyasında yatarkən arzusunu “Vəsiyyət” adlı
şeirində belə yazırdı:
Yoldaşlar, qismət olmazsa görmək o günü,
ölərsəm qurtuluşdan əvvəl yəni,
- elə də görünür, -
Anadoluda bir kənd qəbiristanında basdırın məni
və təsadüfən
başım üstündə bir çinar olarsa
daş-maş da istəməz...
Təəssüf ki, Nazimin arzusu yerinə yetirilmədi, Anadolu torpağına basdırılmadı. Ancaq
milyonların qəlbində yerini tutdu. Əbədi orda yaşayacaqdır”(s. 119).
Bu, Ali bəyin, mənim, eləcə də bütün Nazim Hikmətsevərlərin təkcə təsəllisi deyil, həm də
böyük inamıdır. El üçün yaşayanlar heç vaxt ölmürlər...
Ali bəy də özünü anlayandan ulu Türkün bəşəri və milli ideyalarının qələbəsi naminə
nəsillərə örnək olan bir yoldadır - babası Məmməd Bayramoğludan, atası Aloy Hacıdan ona
miras qalan bir şərəfli yolda. Bu şərəfli yolu Ali Hocanın oğulları Muhammet Savaş bəy və
Yavuz Selim bəy davam etdirirlər. Nəsil kökündə olanı itirə bilməz. Bəşərin xilası zəkada,
kamalda, yorulmadan mübarizədədir.
“Qara günlər görməyənlər, qaranlıq şərtlərdə aydınlığın xəyalıyla ömür sürməyənlər,
özgürlüyün dadını bir dəm dada bilmək üçün həyatını sərf etməyənlər, dövlət üçün, millət
üçün hər çətinliyə köks gərməyənlər, elinin vurğunu olub dilinə könül verməyənlər” (Pr. Dr.
Muhammet Savaş Kafkasyalı) işıqdan, aydınlıqdan, intellektdən, haqdan, ədalətdən
qorxarlar.
Böyük Türk şairi Nazim Hikməti də uzun illər məhrumiyyətlərə düçar edənlər belələri idi.
Onlar unudurdular ki, belə qafa sahiblərini tarixin üfunətli zibilliyinə atacaqlar, Nazim
Hikmətlər isə bəşər durduqca yaşayacaqlar...
fevral 2024